1     Müqavilə tərəfləri

2     Müqavilənin Predmeti

2.1      Telematik Xidmətlər

2.2      Telematik Xidmətlərə çıxış

2.3      Telematik Xidmətlərin aktivasiyası

2.4      SIM kart

2.5      Telematik Xidmətlərdən sui-istifadə edilməsi və ya dələduzluğa yol verərək istifadə edilməsi

3     Kompüter avadanlığı və proqram təminatı

3.1      Kompüter avadanlığı

3.2      Proqram təminatı

4     Yeni xidmətlər

5     Məlumatların toplanması

5.1      Terminalın aktivləşdirilməsi üçün məlumatların toplanması

5.2      Telematik Xidmətlərin göstərilməsi üçün məlumatların toplanması

5.3      Məlumatlara çıxış və onlardan istifadə edilməsi

5.4      Zəng məlumatlarının qeydiyyatı

5.5      John Deere-in məlumatlardan istifadə etməsi

5.6      Məlumatların Konfidensiallığı və Uyğunluq

6     Müqavilənin müddəti və ona xitam verilməsi

6.1      Müddət

6.2      Xitamvermə

6.3      Terminalın ötürülməsi

7     Məsuliyyətin məhdudlaşdırılması

8     Digər müddəalar

8.1      Müqavilənin Əlaqəli müəssisəsələrə və aidiyyatı şirkətlərə ötürülməsi

8.2      Hüquq və yer seçimi

8.3      Müddəalar müstəqilliyi; hüquqdan imtinaya dair maddə

8.4      Bildirişlər

8.5      Fors-major hallar

8.6      İdxal və ixrac məhdudiyyətləri

8.7      Müqavilə bütövlüyü

John Deere – JDLink™ Abunə Şərtləri və Müddəaları
(“#ISG-4”)

Əhatə etdiyi ərazi: Avropa İttifaqı, Avropa İqtisadi Zonasında (AİZ) Aİ-yə daxil olmayan ölkələr, İsveçrə, Müstəqil Dövlətlər Birliyi (MDB)

Buraxılış tarixi: 2020-02-01

Dil: Azerbaijani / Azərbaycan dili


Bu şərt və müddəalar John Deere - JDLink™ abunəsindən istifadəni tənzimləyir və Sifarişçi və John Deere arasında bağlanılır.

John Deere JDLink™ ticarət markası altında müxtəlif telematik sistemləri işləyib hazırlayır və təmin edir. Bu sistemlər telematik avadanlıqlardan, proqram təminatından və telematik xidmətlərdən (“ Sistemlər ”) ibarətdirlər və John Deere tərəfindən səlahiyyətli dilerlər və ya digər səlahiyyətli şəxslər (“ Dilerlər ”) vasitəsilə təmin edilir.

1       Müqavilə tərəfləri

Hazırkı Müqavilə Straßburger Allee 3, 67659 Kaiserslautern ünvanında yerləşən  Intelligence Solution Group (ISG) tərəfindən təmsil olunan John Deere GmbH & Co. KG şirkəti (“ John Deere” ) və Sifarişçi arasında bağlanır.

2       Müqavilənin Predmeti

2.1       Telematik Xidmətlər

Telematik Xidmətlərin (“ Telematik Xidmətlər” ) göstərilməsi üçün maşın və aqronomik məlumatları sizin avadanlığınızdan bulud əsaslı server sisteminə ötürən, məlumatlarınızı saxlayan və emal edən, habelə məlumatlarınıza çıxışa malik olmağınız və onları nəzərdən keçirməyiniz üçün istifadəçi interfeysinə malik olan terminalın (3.1 “Kompüter avadanlığı” bölməsinə nəzər salın) olması tələb edilir. JDLink™ Xidmətində istifadə edilən funksiyaların və məlumat nöqtələrinin ətraflı təsviri üçün isg-contracts.deere.com saytında “MyMachine Connect” bölməsində JDLink™ Konfidensial Məlumatlardan İstifadəyə dair Bildiriş (“#ISG-5”)” və “MyJohnDeere™ Konfidensial Məlumatlardan İstifadəyə dair Bildirişinin A Əlavəsinə (Funksiyaların təsviri) (“#ISG-3”) nəzər salın.

Abunə səviyyəsindən asılı olaraq, Telematik Xidmətlərə həmçinin RDA (Məsafədən Displeyə Çıxış) kimi maşın əməliyyatlarına dəstək olan və WDT (Simsiz Məlumat Ötürülməsi) kimi məlumatların idarə edilməsi üzrə xidmətlər və John Deere Dilerinə SAR (Service ADVISOR™ Remote) kimi xüsusi tətbiqetmələr vasitəsilə qurğunun diaqnostikası informasiyalarının bərpa edilməsi, məsafədən xidmət göstərilməsi fəaliyyətlərinin yerinə yetirilməsi və məsafədən qurğunun müxtəlif komponentlərinin proqram təminatı yenilənmələrinin təmin edilməsi imkanı verən xidmətlər daxildir. Bu əlavə xidmətlərin ətraflı təsviri üçün isg-contracts.deere.com saytında “MyMachine Connect” bölməsində “MyJohnDeere™ Konfidensial Məlumatlardan İstifadəyə dair Bildirişinin A Əlavəsinə (Funksiyaların təsviri) (“#ISG-3”) nəzər salın.

Telematik Xidmətlər John Deere-in lazımi qaydada səlahiyyət verdiyi bir və ya bir neçə simsiz telekommunikasiya provayderi (hər biri  “ Üstünlük verilən Simsiz Provayder ”) vasitəsilə aktivləşdirilir. Sifarişçi Məhsulları yalnız JDLink™ Xidmətinin John Deere tərəfindən təmin edildiyi istifadəyə icazə verilən ölkələr siyahısında adı çəkilən ölkədə istifadə edəcək. Siyahıya nəzər salmaq üçün jdlink.deere.com saytına keçin. Telematik Xidmətlər yalnız hazırkı Müqavilədə göstərilən Telematik Xidmətləri əhatə edir və birmənalı şəkildə Üstünlük verilən Simsiz Provayderin hazırkı Müqaviləyə uyğun olaraq John Deere-in Xidmətləri yerinə yetirmək üçün təklif etdiyindən başqa təklif edə biləcəyi xidmətləri istisna edir. Diapazon və siqnalın gücü məkandan-məkana dəyişə bilər və yerli provayderin diapazon və siqnal gücündən asılıdır. John Deere müəyyən əhatə dairəsinə, diapazona və ya siqnal gücünə zəmanət vermir, yaxud bunun üçün hər hansı məsuliyyət daşımır. Yerli provayderin rouminq xidmətləri vasitəsilə xidməti digər Avropa ölkələrində göstərməsi mümkündür.

Abunə dövründə terminal təyin edilmiş məlumatları Sifarişçinin avadanlığından bulud əsaslı serverə ötürür. Abunə dövrünün sona çatmasından sonra Sifarişçi abunə dövründə toplanmış bütün məlumatlara çıxışa malik olmağa davam edəcək, lakin yeni məlumatlar ötürülməyəcək.

Sifarişçi bununla da məlumatların JDLink™ Konfidensial Məlumatlardan İstifadəyə dair Bildirişdə (“#ISG-5”) göstərilən Telematik Xidmətin yerinə yetirilməsi üçün emal edilməsinə razılıq verir. Bildirişə isg-contracts.deere.com saytında nəzər sala bilərsiniz.

2.2       Telematik Xidmətlərə çıxış

Sifarişçi John Deere-in idarə etdiyi jdlink.deere.com veb saytında (“ Telematik Veb İnterfeysi ”) istifadəçi interfeysinə çıxışa malik olacaq. Sifarişçi Telematik Veb İnterfeysinə çıxış üçün administrativ çıxış səviyyəsi və Əməliyyat Mərkəzi təşkiledilməsi ilə MyJohnDeere™ istifadəçi adı yaratmalı və ya mövcud təşkilatı bura təyin etməlidir. Hər bir telematik şlüz ( Terminal) JDLink™ Abunə Müqaviləsində (“#ISG-10”) göstərildiyi kimi konkret təşkilatla əlaqəyə malikdir. Sifarişçi Terminalı başqa təşkilatla əlaqələndirmək istədiyi halda, Terminalı köçürməlidir, bu isə abunəyə avtomatik olaraq xitam verilməsi ilə nəticələnəcək. Yeni aktivləşdirmənin tələb edilməsi üçün yeni JDLink™ Abunə Müqaviləsi imzalanmalıdır. Sifarişçi Terminalın ötürülməsi ilə əlaqədar əlavə dəstək almaq üçün Əməliyyat Mərkəzində "Help" (Kömək) bölməsinə nəzər sala, yaxud onu dəstəkləyən Dilerlə və ya John Deere ilə əlaqə saxlaya bilər.

2.3       Telematik Xidmətlərin aktivasiyası

Sifarişçi Terminalı öz fərdi maşınında aktivləşdirmək istəyərsə, o, aşağıdakı şərt və müddəaların qəbul edilməsini təsdiq edən hüquqi qüvvəyə malik JDLink™ Abunə Müqaviləsini (“#ISG-10”) imzalamalıdır. Hər hansı konkret formada əldə edilmiş Terminalların sayından asılı olmayaraq (“#ISG-10”), hər bir Terminalın bu Şərt və Müddəalarla tənzimlənən fərdi abunəsi var.

Sifarişçi Abunə Müqaviləsi formasında Terminalın təyin edilməli olduğu MyJohnDeere™ Əməliyyat Mərkəzi təşkilatını göstərməlidir. İmzalanmış JDLink™ Abunə Müqaviləsi (“#ISG-10”) Diler tərəfindən John Deere-ə göndərilməlidir. Sifarişçi tərəfindən imzalanmış JDLink™ Abunə Müqaviləsinin (“#ISG-10”) qəbul edilməsindən və yoxlanmasından sonra John Deere Terminalı aktivləşdirəcək. John Deere ixrac məhdudiyyətləri, yaxud hər hansı texniki məhdudiyyətlər tətbiq edildiyi halda aktivasiya sorğusunu rədd etmək hüququnu özündə saxlayır.

Aktivasiya zamanı Telematik Xidmətlər aktivasiya edilmiş Terminal üçün başlayacaq və Abunə Müddəti başa çatanadək qüvvədə qalmaqda davam edəcək. Abunə Müddəti bitdikdən sonra hazırkı Müqavilənin tənzimlədiyi Telematik Xidmətlər dayandırılacaq və avtomatik olaraq yenilənməyəcək. Sifarişçi Abunəni yeniləməyi seçərsə, yeni Abunə Müqaviləsi imzalamalıdır. Xidmətlərin fasiləsiz şəkildə təmin edilməsi üçün bu yeniləmə köhnə abunəliyin sona çatma tarixindən öncə tələb edilməli və təsdiq edilməlidir.

2.4       SIM kart

Terminal çıxarılması mümkün olan abunəçinin eyniləşdirməsi modul kartını (“ SİM Kart ”) da əhatə edə bilər. SIM kartdan müstəsna olaraq Telematik Xidmətlər çərçivəsində əlaqə üçün istifadə edilə bilər və məlumatlar yalnız səlahiyyətli John Deere dilerindən alına bilən və ya artıq John Deere qurğularında quraşdırılmış  aktivasiya edilmiş terminal ilə paralel olaraq ötürülür. Sifarişçi SIM Kart üzərində mülkiyyət hüququnu əldə etmir. Bütün hüquqlar, o cümlədən SIM Kartlarda quraşdırılan  proqram təminatından istifadə edilməsi hüquqlarının verilməsi səlahiyyəti John Deere-də qalacaq.  Xidmətdə fasilə yarandığı təqdirdə, John Deere SIM Kartları dəyişdirmək və ya onlara dəyişiklik etmək hüququna malikdir. Sifarişçi SIM Kartdan Telematik Xidmətlərdən istifadə etməkdən başqa digər məqsədlər üçün istifadə etdikdə, John Deere SIM Kartı deaktivasiya etmək  və John Deere-in məruz qaldığı əlavə xərcləri ödəməsi üçün Sifarişçiyə hesab təqdim etmək hüququnu özündə saxlayır. Sistem Avadanlığının bir hissəsinin itirilməsi və ya oğurlanması halında və ya zədə səbəbindən işlək vəziyyətdə olmadıqda, yaxud istənilən yolla, ondan düzgün istifadə edilmədikdə, Sifarişçi dərhal bu barədə John Deere-ə məlumat verməlidir. Sifarişçiyə John Deere tərəfindən verilmiş SIM kartının John Deere-in birmənalı şəkildə qabaqcadan razılığı olmadan üçüncü tərəfə ötürməsinə icazə verilmir.

2.5       Telematik Xidmətlərdən sui-istifadə edilməsi və ya dələduzluğa yol verərək istifadə edilməsi

Sui-istifadə və ya dələduzluğa yol verərək istifadə halına tutarlı şübhə mövcud olarsa, John Deere öz mülahizəsi ilə Sifarişçinin hazırkı Müqavilə üzrə Telematik Xidmətlərini məhdudlaşdıra, yaxud dayandıra bilər. Sifarişçi Telematik Xidmətlərdən sui-istifadə etməyəcək və ya onlardan dələduzluq yolu ilə istifadə etməyəcək və (a) Telematik Xidmətlərdən sui-istifadə və ya dələduzluq yolu ilə istifadə ilə məşğul olmayacağına, yaxud bu cür hallardan istifadə etməyəcəyinə və ya buna icazə verməyəcəyinə, (b) Sifarişçi Telematik Xidmətlərdən sui-istifadə və ya dələduzluq yolu ilə istifadə halı barədə məlumatlı olduqda, dərhal bu barədə Dilerə (yaxud Sifarişçi Diler olduqda, John Deere-ə) məlumat verməyə, (c) John Deere-in, onun hüquqi nümayəndələrinin və ya Üstünlük verilən Simsiz Provayderin Telematik Xidmətlərdən sui-istifadə və ya dələduzluq yolu ilə istifadə halı ilə bağlı başladıqları araşdırma və ya məhkəmə prosesində əməkdaşlıq etməyə razılıq verir. Sifarişçi Xidmətlərdən sui-istifadə və ya dələduzluq yolu ilə istifadə halından yaranan haqq, xərc və ziyanlara görə təkcə məsuliyyət daşıyır. “Telematik Xidmətlərdən sui-istifadə və ya dələduzluq yolu ilə istifadə halına” aşağıdakılar daxildir, lakin onlarla məhdudlaşmır:

  1. John Deere-in digər sifarişçisi, hər hansı Diler və ya hər hansı Üstünlük verilən Simsiz Provayder ilə kommunikasiyalara və/və ya onlar  barədə informasiyalara çıxış əldə edilməsi, onların dəyişdirilməsi və ya müdaxilə edilməsi və ya digər şəxsin və ya qurumun bunu etməsinə səy göstərilməsi, yaxud yardım edilməsi və ya yuxarıdakıların hər hansı birinə cəhd edilməsi;
  2. Üstünlük verilən Simsiz Provayderin şəbəkəsinin dəyişdirilməsi, müdaxilə edilməsi və ya icazəsiz qoşulmanın həyata keçirilməsi;
  3. Telematik Xidmətlərin yerinə yetirildiyi və Sistem Avadanlığının işlədildiyi radio siqnalları və tezlikləri dəyişdirən gücləndiricilərin, sürətləndiricilərin, təkrarlayıcıların və ya digər qurğuların qüvvədə olan qanunvericiliyi və ya hökumət sərəncamını pozmaqla quraşdırılması;
  4. Telematik Xidmətlərdən elə  qaydada istifadə etmək ki, bir və ya daha artıq sifarişçinin və ya son istifadəçinin  səbəbsiz yerə xidmətdən istifadəsinə maneə yaradılması və ya John Deere-in və ya Üstünlük verilən Simsiz Provayderin xidmətləri göstərmək imkanına müdaxilə edilməsi;
  5. Telematik Xidmətlərdən Sifarişçinin mülkiyyəti olmayan xoşagəlməz, əxlaqa sığmayan, təhqiramiz və ya qanunsuz məlumatların və ya müəllif hüquqlarına malik məzmunun  yerləşdirilməsi üçün istifadə edilməsi;
  6. Telematik Xidmətlərdən oğurlanmış və ya itirilmiş qurğu ilə bağlı icazə verilmədən istifadə edilməsi;
  7. Telematik Xidmətlərə və ya hər hansı Üstünlük verilən Simsiz Provayderin xidmətinə icazəsiz çıxış;
  8. İP Xidmətləri üzərindən səsi təqdim etmək üçün Xidmətlərdən istifadə edilməsi və ya digər Telematik xidmətləri göstərmək üçün Telematik Xidmətlərə qoşulmaq və ya danışıqların ələ keçirilməsi;
  9. Telematik Xidmətlərə görə ödənişdən tam və ya qismən yayınmaq məqsədilə, hər hansı sxemdən, saxta təqdimatdan və ya saxta kredit qurğusundan istifadə edilməsi;
  10. Sistem Avadanlığının, Terminalın, Sistem Avadanlığı seçənəklərinin, yaxud Sistemin Proqram təminatının icazəsiz dəyişdirilməsi;
  11. Sistem Avadanlığının Dilerdən və ya John Deere-in icazə verdiyi və attestasiyadan keçirdiyi Dilerdən başqa hər hansı şəxs və ya qurum tərəfindən quraşdırılmasının təmin edilməsi;
  12. Sistem Məlumatları fayllarına, proqramlarına, prosedurlarına və ya Sifarişçi ilə bağlı, yaxud John Deere-in digər sifarişçisi ilə bağlı məlumatlara icazəsiz çıxış, onlardan istifadə edilməsi, onların dəyişdirilməsi və ya məhv edilməsi;
  13. Sistemə dəyişiklik edilməsi və ya dublikatının çıxarılması üçün ondan istifadə edilməsi, yaxud Telematik Xidmətlərdən istifadə etməklə və ya onlara çıxış əldə etməklə oxşar xidmətin yaradılmasına və ya onun əvəz edilməsinə cəhd göstərilməsi;
  14. Hər hansı qeyri-qanuni, qeyri-leqal və ya dələduzluq məqsədilə istifadə edilməsi;
  15. Tətbiq edilən qanun və hüquqi-normativ aktlara müvafiq olaraq, bu cür şəxsin qabaqcadan lazım olan icazəsini almadan, istənilən şəxsin məkanının, fəaliyyətinin və davranışının izlənməsi;
  16. Embarqonun tətbiq edildiyi ölkələrdə və ya xidmətin yerinə yetirilməsinə icazə verilməyən ölkələrdə yerləşən və ya əlaqəli olan şəxslərin xidmətindən istifadə edilməsinə icazə verilməsi. Bu cür bir və ya daha çox sui-istifadə və ya dələduzluq halında, John Deere-ə xidməti dərhal dayandırmağa və xidmət müqaviləsini ləğv etməyə icazə veriləcək. Bu halda, Sifarişçi hazırkı Maddə üzrə məhdudiyyət və ya bu cür məhdudiyyət ərzində və ya bu cür ləğvetmə nəticəsində Telematik Xidmətlərin dayandırılmasına və ya Telematik Xidmətlərin ləğv edilməsinə görə heç bir ödəniş etmir və ya Telematik Xidmətlərə görə avans ödənişi geri qaytarmır.

3       Kompüter avadanlığı və proqram təminatı

3.1       Kompüter avadanlığı

Hazırkı Müqavilədə, kabellər, kabel kipkəcləri və antena kimi aksessuarlarla birgə  Terminallar bundan sonra “ Sistem Avadanlığı ” adlandırılacaq. Sistem Avadanlığı Sifarişçinin almış olduğu John Deere qurğusunda qabaqcadan quraşdırılmadıqda, o səlahiyyətli Diler tərəfindən alınmalı və orada ayrıca olaraq quraşdırılmalıdır. Sifarişçi tərəfindən Sistem Avadanlığından istifadə edilməsinə hazırkı Müqavilənin bütün qayda və şərtləri, eləcə də Sistem Avadanlığının alınması zamanı Sifarişçi ilə razılaşdırılmış digər bütün qayda və şərtlər tətbiq edilir.

3.2       Proqram təminatı

Xidmətlərin proqram təminatı, modem proqram təminatı və digər proqram təminatları və/və ya quraşdırılan proqramlar (“ Sistemin Proqram təminatı ”) Sistem Avadanlığında yerləşir. Sistemin Proqram təminatı John Deere-in və ya bu bölmədə irəli sürülən şərtlər üzrə lisenziya verilmiş üçüncü tərəflərin şəxsi kodundan ibarətdir və özünə Sistem Avadanlığına əlavə edilən sənədlərdə göstərildiyi kimi ayrıca olaraq lisenziya verilmiş üçüncü tərəfin kodunu daxil edir. John Deere Sistemin Proqram təminatından yalnız (i) Sistemdən istifadə ilə birgə, və (ii) Sistem Avadanlığı ilə birgə  istifadə etmək üçün Sifarişçiyə qeyri-müstəsna, ləğv edilməsi mümkün olan lisenziya verir. John Deere bundan əlavə Sifarişçiyə Sistem Avadanlığının istifadə müddəti ərzində  Sistem Avadanlığı üzərində mülkiyyət hüququnun ötürülməsi ilə birgə Xidmətlərdən ibarət olmayan Sistemin Proqram təminatından istifadə etmək üçün öz lisenziyasını ötürmək hüququ verir. Sifarişçi hazırkı Müqavilənin davamiyyət müddətində John Deere-in Sifarişçinin istənilən Sistem Avadanlığında John Deere-in müvafiq hesab etdiyi tezlikdə Sistemin Proqram təminatını yeniləyə biləcəyinə razılıq verir. John Deere  xidmətin yenilənməsi səbəbindən məlumat itkisinə görə məsuliyyət daşımır.

4       Yeni xidmətlər

John Deere mövcud telematik xidmətləri genişləndirmək üçün Sifarişçiyə yeni funksiyalar təmin edə bilər (" Yeni xidmətlər "). Yeni xidmətlər əlavə şərt və müddəalar çərçivəsində təmin edilə, yaxud hətta ayrıca müqavilə və ya razılaşmanın imzalanmasını tələb edə bilər.

5       Məlumatların toplanması

Hazırkı Müqavilə üzrə toplanılan bütün məlumatlar yalnız hazırkı Müqavilədə göstərilən xidmətlərin yerinə yetirilməsi məqsədilə toplanılır.

5.1       Terminalın aktivləşdirilməsi üçün məlumatların toplanması

John Deere sizin JDLink™ Abunə Müqaviləsinin aktivləşdirilməsi sorğunuzun yerinə yetirilməsi üçün şirkətin, sifarişçinin adı və ünvanı, terminalın seriya nömrəsi, MyJohnDeere™ istifadəçi adı, Əməliyyat Mərkəzində göstərilmiş təşkilat ID-si və xidmət göstərən dilerin e-poçt ünvanı kimi məlumatları toplayır və emal edir. Fərdi məlumatlara gəldikdə isə, bu haqda əlavə məlumatı JDLink™ Konfidensial Məlumatlardan İstifadəyə dair Bildirişdə (“#ISG-5”) əldə edə bilərsiniz.

5.2       Telematik Xidmətlərin göstərilməsi üçün məlumatların toplanması

John Deere Telematik Xidmətləri yerinə yetirmək üçün hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq maşın məlumatları və aqronomik məlumatlara sahib olacaq, onları idarə edəcək və onlardan istifadə edəcək. Bundan əlavə, qurğunun növündən və xidmət səviyyəsindən asılı olaraq məlumatlara sifarişçinin qurğusunun təqdim etdiyi əməliyyat məlumatları da daxil ola bilər.

5.3       Məlumatlara çıxış və onlardan istifadə edilməsi

Sifarişçinin MyJohnDeere™ vasitəsilə bunu etməyi qadağan etməyincə, bütün John Deere Dilerləri ümumi qayda üzrə MyJohnDeere™  və Service ADVISOR™  Remote vasitəsilə qurğu diaqnostikası məlumatlarına  çıxışa malik olurlar. Sifarişçi həmçinin John Deere Dilerlərinin və digər Tərəfdaş Təşkilatların MyJohnDeere™ vasitəsilə istənilən vaxt toplanılan məlumatlara çıxışına icazə verir və ya məhdudlaşdırır. Bundan əlavə, John Deere Dileri maşın məlumatlarına çıxış təmin edərək John Deere Dileri ilə Sifarişçinin təşkilatı arasında təsdiq edilmiş avtomatik tərəfdaşlıq yarada bilər. Dilerin hesabınızdakı maşınların Məlumatlarına çıxışını ləğv etmək üçün siz aşağıdakı addımları həyata keçirməlisiniz:

5.4       Zəng məlumatlarının qeydiyyatı

Bundan əlavə, Üstünlük verilən Simsiz Provayderlər hesab və qaimənin təqdim edilməsi məqsədilə zəng məlumatları sənədlərini  (“ CDR -lər”) yarada bilərlər  və Üstünlük verilən Simsiz Provayderlər qüvvədə olan qanunvericiliyə uyğun olaraq CDR-ləri ən çoxu 90 (doxsan) gün müddətinə saxlaya bilərlər. Hər bir Terminalın son koordinatları Terminalda saxlanacaq.

5.5       John Deere-in məlumatlardan istifadə etməsi

John Deere müqavilədə göstərilən Telematik Xidmətləri yerinə yetirmək üçün məlumat dəstinə çıxış hüququna malikdir. Sifarişçi John Deere-in statistik məqsədlər üçün, eləcə də hazırkı Müqavilə üzrə göstərilən xidmətləri yaxşılaşdırmaq və ya təkmilləşdirmək, əlavə və ya yeni John Deere məhsulları və xidmətlərini işləyib hazırlamaq və/və ya avadanlıqların yeni istifadə növlərini müəyyən etmək üçün anonim şəkildə məlumatlara çıxış əldə edə biləcəyinə və onlardan istifadə edə biləcəyinə razılıq verir.

5.6       Məlumatların Konfidensiallığı və Uyğunluq

John Deere tətbiq edilən müvafiq qanunlara və normativ hüquqi aktlara, misal üçün Məlumatların Qorunmasına dair Ümumi Reqlamentə (“ GDPR” ) müvafiq olaraq bütün məlumatları emal edəcək və əsas telematik xidmətləri göstərəcək. Bu haqda əlavə məlumatı JDLink™ Konfidensial Məlumatlardan İstifadəyə dair Bildirişdə (“#ISG-5”) əldə edə bilərsiniz. Sifarişçinin maşını Sifarişçinin adından üçüncü tərəflər tərəfindən istifadə edildiyi halda, Sifarişçi bütün tətbiq edilən qanunlar və normativ hüquqi aktların (misal üçün, GDPR, məşğulluq haqqında qanun) yerinə yetirilməsini və məlumatların konfidensiallığı haqqında müvafiq informasiyanın istifadəçiyə təqdim edilməsini, yaxud müvafiq razılığın əldə edilməsini təmin etmək məsuliyyəti daşıyır.

Sifarişçi terminal üzərində mülkiyyət hüququnu ötürdüyü halda, mülkiyyət hüququnun ötürülməsindən əvvəl hər hansı qalan abunəliyi ləğv etmək məsuliyyəti daşıyır. Abunəlik StellarSupport™-də Deaktivasiya seçimindən istifadə edilməsi ilə ləğv edilə bilər.

6       Müqavilənin müddəti və ona xitam verilməsi

6.1       Müddət

Hazırkı Müqavilənin müddəti (“ Abunə Müddəti ”) terminal John Deere tərəfindən aktiv edildiyi tarixdə başlayır və müqaviləyə aşağıda göstərildiyi kimi vaxtından qabaq xitam verildiyi hallar istisna olmaqla, iki il  davam edəcək. Hazırkı Müqavilənin müddəti avtomatik şəkildə yenilənmir. Abunə Müddəti bitdikdən sonra hazırkı Müqavilənin tənzimlədiyi Telematik Xidmətlər dayandırılacaq. Sifarişçi John Deere-dən yeni Telematik Abunə tələb etmək seçimi edə bilər. Sifarişçi JDLink™ tərəfindən abunə dövründə toplanmış məlumatlardan abunəyə xitam verilməsindən sonra istifadə edə bilir.

6.2       Xitamvermə

Sifarişçi öz mülahizəsinə görə əvvəlcədən bildiriş vermədən StellarSupport™-də Deaktivasiya seçimindən istifadə etməklə bu Müqaviləyə xitam verə bilər. Hazırkı Müqaviləyə Sifarişçinin mülahizəsinə görə xitam verildikdən sonra, Sifarişçiyə Xidmətlərə və ya Sistemin Avadanlığına görə ödəmiş olduğu haqlar geri qaytarılmır.

John Deere 30 (otuz) gün qabaqcadan bildiriş təqdim etməklə hazırkı Müqaviləyə xitam verə bilər. Bu haqda bildiriş göndərildiyi halda Müqaviləyə xitam verilməsi ilə əlaqədar qanuni müddəalar olduğu kimi qalır. Müqaviləyə xitam verilməsindən sonra terminal qeyri-aktiv formada Sifarişçinin təşkilatında qalır.

6.3       Terminalın ötürülməsi

Terminalın başqa təşkilata ötürülməsi abunəyə avtomatik olaraq xitam verilməsi ilə nəticələnəcək.

7       Məsuliyyətin məhdudlaşdırılması

  1. Bu Müqavilə çərçivəsində Telematik Xidmətlər ödənişsiz əsaslarla təmin edilir və Sifarişçiyə "olduğu kimi", "bütün xətalarla" və "mümkün olduqca" verilir. Sifarişçi Telematik Xidmətlərdən öz mülahizəsinə görə istifadə edir və bütün riskləri özü daşıyır. John Deere Telematik Xidmətlərin keyfiyyəti, dəqiqliyi və ya etibarlılığı, müyəssərliyi, təqdim edilmə vaxtı və ya məzmunu ilə əlaqədar heç bir iddia və ya vəd vermir. Müvafiq şəkildə John Deere Telematik Xidmətlərə tətbiq edilə biləcək bütün nəzərdə tutulmuş şərtlər, zəmanətlər, təminatlar və ya digər müddəalardan imtina edir.
  2. John Deere, habelə onun əlaqəli müəssisələri Sifarişçi (yaxud Sifarişçinin İstifadəçiləri və ya Sifarişçinin hüquqları əsasında hüquqlarını tələb edən hər hansı digər şəxslər) qarşısında Telematik Xidmətlərin istifadə edilməsi ilə əlaqədar və ya bu səbəbdən meydana gələ biləcək hər hansı öhdəliyin pozulmasından qaynaqlanan hər hansı itki və ya zərər üçün, o cümlədən hər hansı (i) dolayı və ya təsadüfi zərər və ya itki; (ii) mənfəət, satış, biznes, gəlir və ya istifadə itkisi; (iii) biznes fəaliyyətinin pozulması; (iv) işgüzar imkanların, qudvilin və ya nüfuzun itirilməsi; yaxud (v) informasiya və ya məlumatın itirilməsi üçün məsuliyyət daşımır. John Deere-in qəsdən yol verilmiş və ya kobud səhlənkar davranışa görə məsuliyyəti, habelə John Deere-in qanun çərçivəsində məhsul üçün məsuliyyəti təsirsiz qalır.
  3. John Deere hər hansı üçüncü tərəflər bağlı hər hansı iddia və ya vəd vermir. Müvafiq şəkildə, John Deere və onun əlaqəli müəssisələri onların hərəkətlərindən, misal üçün digər istifadəçinin Sifarişçinin məzmunu və ya kimliyindən istifadə etməsindən yarana biləcək hər hansı itki və ya zərər üçün məsuliyyət daşımır. Sifarişçi üçüncü tərəfin məzmunundan öz mülahizəsinə görə istifadə edir və bütün riskləri özü daşıyır.
  4. John Deere Telematik Xidmətləri təmin edərkən bu xidmətlərin tərkibində hər hansı xəta və ya virusların olmayacağına zəmanət vermir. Sifarişçi Telematik Xidmətlərdən istifadə etmək üçün informasiya texnologiyalarını konfiqurasiya etmək üçün məsuliyyət daşıyır. Habelə Sifarişçiyə viruslardan mühafizə üçün öz proqram təminatından istifadə etməsi tövsiyə olunur.
  5. Sifarişçi Telematik Xidmətlərdən narazı olduğu, yaxud istənilən digər narazılıq yarandığı halda onun yeganə hüququ və hüquqi müdafiə vasitəsi Telematik Xidmətlərə çıxışın və ya onlardan istifadənin dayandırılması və davam etməməsidir.
  6. John Deere-in Telematik Xidmətlərdən istifadə ilə əlaqədar meydana çıxan itki və ya zərərlər üçün maksimum məcmu məsuliyyəti 12 500 avro ilə məhdudlaşır.
  7. Bu Şərtlərin hər hansı şərt və ya müddəalarına baxmayaraq, bu Şərtlərin heç bir bəndi John Deere-in (i) John Deere-in səhlənkarlığı səbəbindən ölüm və ya xəsarət hallarının yaranması; (ii) dələduzluq və ya məlumatların yanlış təqdim edilməsi; yaxud (iii) qanun çərçivəsində istisna edilməsi və ya məhdudlaşdırılması mümkün olmayan hər hansı digər hal üçün məsuliyyətini istisna etmir və ya məhdudlaşdırmır.

8       Digər müddəalar

8.1       Müqavilənin Əlaqəli müəssisəsələrə və aidiyyatı şirkətlərə ötürülməsi

John Deere hazırkı Müqaviləni ondan irəli gələn bütün hüquq və öhdəliklərlə, yaxud iddialarla birgə digər əlaqəli müəssisəyə ötürə bilər. Hazırkı Müqavilənin müddəalarına uyğun olaraq John Deere-ə verilən hər hansı hüquq və üstünlüklər həmçinin əlaqəli müəssisələrə və aidiyyatı şirkətlərə də verilir. Əlaqəli müəssisə və/və ya aidiyyatı şirkətlər birbaşa, yaxud dolayı yolla John Deere-ə nəzarət edən və ya müvafiq olaraq, John Deere ilə birgə ya birbaşa, ya da dolayı yolla 50%-dən (əlli faiz) artıq əhəmiyyətli iştirak payı ilə nəzarət olunan şirkətlər, yaxud digər hüquqi şəxslərdir.

8.2       Hüquq və yer seçimi

Hazırkı Şərtlər Almaniya Federativ Respublikasında qüvvədə olan maddi-hüquqi qanunlarla tənzimlənəcək və onlara uyğun olaraq şərh ediləcək. Manheym-in müstəsna yurisdiksiyasının müvafiq məhkəmələri  hazırkı Şərtlərlə bağlı iddia və ya mübahisəyə (“ İddia”) baxmaq hüququna malikdirlər. Hazırkı Şərtlər  hər hansı yurisdiksiyanın kollizion hüquq normaları və ya tətbiqi birmənalı şəkildə istisna olunan Birləşmiş Millətlər təşkilatının Əmtəələrin Beynəlxalq Satışına dair Müqavilələr haqqında Konvensiyası ilə tənzimlənməyəcək.

8.3       Müddəalar müstəqilliyi; hüquqdan imtinaya dair maddə

Hazırkı Müqavilənin hər hansı müddəası hüququ qüvvəsini itirmiş hesab olunarsa, bu hal digər müddəaların hüququ qüvvəsinə təsir etmir. Müqavilə tərəfləri sözügedən müddəanı ona məqsəd və iqtisadi səmərəlilik baxımından mümkün olduğu qədər yaxın olan və hüquqi qüvvəyə malik müddəa ilə əvəz edirlər. Müqavilə tərəflərinin birinin hazırkı Müqavilənin müddəasının pozulmasına qarşı iddia irəli sürülməsi hüququndan imtina edilməsi, onun gələcəkdə yol verilə biləcək pozuntulara qarşı iddia irəli sürülməsi hüququndan imtina edəcəyi anlamını vermir.

8.4       Bildirişlər

Bütün bildirişlər yazılı surətdə tərtib edilməli və aşağıdakı poçt ünvanında alındıqları təqdirdə, təqdim edilmiş hesab olunurlar: John Deere GmbH & Co. KG, Intelligent Solutions Group, Straßburger Allee 3, 67659 Kaiserslautern, Germany.

8.5       Fors-major hallar

Müqavilə tərəflərinin heç biri digər tərəf qarşısında məcburi öhdəliyin yerinə yetirilməməsinə və ya yerinə yetirilməsində yol verilən gecikməyə görə məsuliyyət daşımır, bir şərtlə ki, bu cür yerinə yetirməmə, yaxud gecikdirmə bu müqavilə tərəfinin təsiri dairəsinə aid olmayan fors-major halları , təbii fəlakət, üsyan, terror aktı, vətəndaş qarşıdurması, qanunlara və ya rəsmi sərəncamlara əməl edilməsi, yaxud digər hallardan baş vermiş olsun, bu şərtlə ki, bu müqavilə tərəfi bu cür hal barədə dərhal yazılı bildiriş təqdim etmiş olsun və icranı mümkün qədər tez bir zamanda bərpa etmiş olsun və bu şərtlə ki, digər müqavilə tərəfi bu hal 90 (doxsan) gündən artıq davam etmiş olarsa, hazırkı Müqaviləyə xitam verə bilsin, və gecikməyə yol vermiş tərəf üzərinə düşən öhdəlikləri ağlabatan vaxt müddətində yerinə yetirə biləcəyini bəyan etmiş olsun.

8.6       İdxal və ixrac məhdudiyyətləri

Sifarişçi John Deere-in əldə etdiyi bütün Telematik Xidmətlərə, Sistem Avadanlığına, Sistem Proqram təminatına, fərdi məlumatlara, elmi-texniki məlumatlara və ya digər məlumat, yaxud informasiyalara (bundan sonra “ Məhsullar ” adlandırılacaq) bir və ya daha artıq ölkənin idxala və/və ya ixraca nəzarət qanunlarının tətbiq ediləcəyini,  və müvafiq olaraq onların idxal, ixrac və təkrar ixracına məhdudiyyət qoyula və ya qadağan edilə biləcəyini qəbul edir. Sifarişçi, buna görə də, John Deere tərəfindən qabaqcadan yazılı surətdə icazə verilməyənədək və ya mövcud hökumət qurumu tərəfindən istər yazılı surətdə, istərsə də vaxt keçdikcə, düzəliş edilən qüvvədə olan qanunvericilikdə nəzərdə tutulduğu kimi icazə verilməyənədək,  istənilən bu cür Məhsulları birbaşa, yaxud dolayı yolla idxal, ixrac, təkrar ixrac etməməyə və onların hər hansı qanun və ya prosedur üzrə qadağan edilən və ya məhdudiyyət qoyulan hər hansı təyinat ölkəsinə, hüquqi şəxsə, yaxud fiziki şəxsə  idxalına, ixracına və ya təkrar ixracına icazə verməyəcəyinə razılıq verir. Sifarişçi John Deere-dən aldığı heç bir Məhsulun birbaşa raket texnologiyasının, həssas nüvə texnologiyasının və ya kimyəvi-bioloji silahların son istifadəsində istifadə edilməyəcəyinə və ya hər hansı bu cür son istifadə üçün hər hansı tərəfə ötürülməyəcəyinə razılıq verir. Sifarişçi Məhsulları yalnız istifadəyə icazə verilən ölkələr siyahısında adı çəkilən ölkədə istifadə edəcək.

8.7       Müqavilə bütövlüyü

Müqavilə tərəfləri arasında sifariş verilən xidmətlərdən istifadə edilməsinə dair şərtlər, bütün əməliyyatlar, razılaşmalar və təminatlar hazırkı Müqavilənin predmetini təşkil edirlər. Hazırkı Müqavilə tərəflər arasında onun mahiyyəti ilə bağlı tam razılaşmanı əks etdirir və Müqavilənin predmeti ilə bağlı əvvəlki bütün sənəd, müzakirə və əməliyyatları əvəz edir. Hazırkı Müqaviləyə əlavə olaraq, JDLink™ Konfidensial Məlumatlardan İstifadəyə dair Bildiriş JDLink TM xidmətinə tətbiq edilən məlumatların qorunmasına və məlumatların təhlükəsizliyinə dair qaydalardan ibarətdir. Sifarişçi tərəfindən təklif olunan və ya sifarişdə verilən bütün əlavə və ya ziddiyyət təşkil edən müddəa və şərtlər qəbul edilməyəcək və yalnız John Deere-in birmənalı şəkildə yazılı icazəsindən sonra qüvvəyə minəcək.